2 iyul 2025‑ci il tarixində Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT / ECO) təşkilatçılığı ilə 6‑cı Biznes Forumu uğurla baş tutmuşdur. Tədbir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, İxrac və İnvestisiya Təşviqi Agentliyi (AZPROMO), İƏT Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyası tərəfindən birgə təşkil edilmişdir.

Forum, ECO həftəsi çərçivəsində keçirilmiş və regionda ticarət‑investisiya əlaqələrinin stimullaşdırılması, biznes dairələrinin əməkdaşlığı və davamlı iqtisadi inkişafın dəstəklənməsi kimi əsas məqsədləri qarşısına qoymuşdur. Forum çərçivəsində qida, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dövri iqtisadiyyat kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdur. Həmçinin B2G və B2B görüşlər də keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə forumda çıxış edərək, ticarət və sənaye palatalarının dayanıqlı inkişaf və “yaşıl artım” modelinə keçid prosesində oynadığı mühüm rolu vurğulamışdır. O qeyd etmişdir ki, bu palatalar sahibkarlarla dövlət arasında körpü rolunu oynayaraq yalnız ölkə iqtisadiyyatının deyil, qlobal iqtisadi sistemin inkişafına da əhəmiyyətli töhfə verirlər.

Cənab Əli-zadə çıxışında, xüsusilə yaşıl iqtisadiyyatın təşviqi, innovasiyalar və enerjiyə qənaət texnologiyalarının tətbiqi, aşağı karbonlu iqtisadi modelə keçid, rəqəmsallaşma və sosial ədalət prinsiplərinə əsaslanan iqtisadi inkişafın vacibliyini qeyd etmişdir. O vurğulamışdır ki, ticarət və sənaye palataları bu istiqamətlərdə dövlətlərin qəbul etdiyi strateji hədəflərə çatmaqda mühüm mexanizm rolunu oynayır.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın