Cari ilin 2 Fevral tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.
Görüş zamanı, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edən, Niyaz Əli-zadə ona uğurlar arzu edib, Azərbaycan və Pakistan arasındakı dostluq münasibətinin xüsusiliyini vurğulayıb. Eyni zamanda, II Qarabağ müharibəsi zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizədə daim ölkəmizi dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib, Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.
Səfir Bilal Haye öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib.
Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, investisiya məsələləri, potensial tərəfdaş tapılmasında kiçik və orta sahibkarlara hər zaman dəstək və yardımçı olan hər iki ölkənin Palataları arasında davam edən qarşılıqlı əlaqələr, o cümlədən ötən illərdə Azərbaycanda keçirilən irimiqyaslı Azərbaycan-Pakistan biznes forumları və gələcəkdə COVİD 19 virusunun yaratdığı əngəllərin aradan qalxması ilə yenidən bu kimi tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.