17 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının (AR TSP) prezidenti cənab Niyaz Əlizadə ilə Yaponiyada fəaliyyət göstərən Iwataya Corp. şirkətinin baş icraçı direktoru (CEO) cənab Iwatai arasında görüş keçirilmişdir.
Görüş zamanı cənab Iwatai rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Iwataya Corp. şirkəti tibb, alternativ enerji, kosmetik vasitələrin istehsalı, kənd təsərrüfatı və digər sahələr üzrə çoxşaxəli fəaliyyət göstərir. Şirkət innovativ texnologiyaların tətbiqi ilə dünya bazarında mövqeyini möhkəmləndirərək bir sıra beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıqlar qurmuşdur.
Öz növbəsində, cənab Niyaz Əlizadə Palatanın fəaliyyəti, ölkədə biznesin təşviqi sahəsində görülən işlər, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə ətraflı məlumat vermişdir. O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və bu ərazilərin iqtisadi potensialı haqqında da məlumat paylaşmışdır.
Görüş zamanı tərəflər gələcək əməkdaşlıq perspektivlərini, o cümlədən Yaponiyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqi imkanlarını müzakirə etmiş, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparmışlar.


