25 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə ilə Çin Sənaye İqtisadiyyatı Federasiyasının (CFIE) nümayəndə heyəti arasında görüş baş tutub. Görüşdə hər iki tərəf öz təşkilatlarının tarixi, fəaliyyəti və strukturunu təqdim edərək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.
Görüş çərçivəsində Azərbaycan və Çin arasında mövcud iqtisadi münasibətlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən CFIE nümayəndələri öz iş təcrübələri və uğurları barədə məlumat verərək, Azərbaycan sahibkarları və şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.
Niyaz Əli-zadə görüş zamanı Azərbaycanın biznes mühiti, iqtisadi inkişaf strategiyaları və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, həmçinin, Çin ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiklərini və bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair Palatanın öz fəaliyyəti çərçivəsində işlər gördüyünü qeyd edib.
Söhbət əsnasında tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə konkret təşəbbüslər irəli sürərək, birgə layihələrin həyata keçirilməsi imkanlarını dəyərləndiriblər. Görüşdə həmçinin Çin şirkətlərinin Azərbaycan bazarına investisiya qoyuluşu və texnologiya mübadiləsi sahəsində fəallığının artırılması məsələləri də gündəmə gətirilib.
Tərəflər arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək və iki ölkə arasında biznes əlaqələrini genişləndirmək üçün əlaqələrin mütəmadi olaraq saxlanılması fikrini dəyərləndiriblər.