27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında Monqolustanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Munxbayar Gombosuren ilə Palatanın prezidenti Niyaz Əlizadə arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Monqolustan arasında iqtisadi-ticarət münasibətlərinin mövcud vəziyyəti və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasının əhəmiyyətini qeyd ediblər.

Səfir həmçinin Monqolustanda fəaliyyət göstərən azərbaycanlı iş adamının fəaliyyəti barədə məlumat verib və xüsusilə ət və ət məhsullarının istehsalı və emalı sahəsində əməkdaşlıq imkanlarına toxunub. Bu istiqamətdə potensial tərəfdaşların müəyyənləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün biznes əlaqələrinin qurulmasının vacibliyi qeyd edilib.

Görüş zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Monqolustan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması məsələsi də müzakirə olunub.

Tərəflər gələcəkdə qarşılıqlı biznes missiyalarının təşkili, sərgilərdə iştirak və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılıq ifadə ediblər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın