Cari ilin 13 iyun tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə Bakıda beşinci Aİ-Azərbaycan Biznes Forumu keçirilib. Yüksək səviyyədə təşkil olunmuş tədbirin açılış nitqi Azərbaycan İqtisadiyyat naziri cənab Şahin Mustafayev və Aİ Kommisarı cənab Hahn tərəfindən edilib. Hər il keçirilən tədbirə ikitərəfli biznes görüşlərində və panel müzakirələrində iştirak edən hökumət nümayəndələri və biznes rəhbərləri daxil olmaqla, 800-dən artıq iştirakçı qatılıb. Forumda AR TSP-dən də nümayəndələr iştirak edib.
Bu il Biznes Forumuna Kənd təsərrüfatı, Əlaqələndiricilik (Nəqliyyat, Loqistika və İKT) və Turizm sektorları üzrə panel müzakirələri daxil olub. Nazirliklərin və dövlət qurumlarının rəsmilərinin, eləcə də müxtəlif sənaye sahələri üzrə mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələrin əsas mövzusunu müvafiq sektorlarda son iqtisadi inkişaf, biznes imkanları və mövcud olan çətinliklər təşkil edib.