Cari ilin 09 iyun tarixində MDB üzv ölkələrinin Ticarət və Sənaye Palatalarının iştirakı ilə "Biznesin təkmilləşdirilməsi və inkişaf şərtləri" adlı video-konfrans keçirildi. Moderatorluğunu və təşkilatçılığını MDB üzv ölkələrinin Ticarət və Sənaye Palatalarının idarə heyəti və Türkmənistan Ticarət və Sənaye Palatasının etdiyi konfransda Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Tacikistan, Rusiyanın və digər ölkələrin regional Palatalarının rəhbər heyəti iştirak etdilər
Onlayn tədbirdə ölkələrin COVİD-19 pandemiyası zamanı sahibkarlığa, ümumiyyətlə ölkə iqtisadiyyatına dəyən zərər və ölkələrin bu çətin dövr ərzində qəbul etdikləri qərarlar ətraflı müzakirə olundu. Bundan əlavə, ölkələr arasında iqtisadi əlaqələrin növbəti illərdə daha da sıxlaşdırılması, istehsal olunan malların idxal və ixrac məsələləri, 2030-cu ilə kimi MDB ölkələri arasında innovativ əməkdaşlıq mərhələsinə keçid prosesi barədə məsələlər barədə mövzulara toxunuldu.
Konfransda iştirak edən Azərbaycan Repsublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatlıyev də öz növbəsində, konfransın gündəliyə çıxarılmış məsələlər barəsində, o cümlədən, COVİD-19 pandemiyası dövründə ölkənin qəbul etdiyi qərarlar və iqtisadi yanaşması, sahibkarlara göstərilən dəstək, həmçinin ölkələr arasında qurulan qarşılıqlı əməkdaşlıq münasibətlərində Azərbaycanın rolu, MDB ölkələri ilə olan əlaqələrin vacibliyi və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının bu istiqamətdə həyata keçirdiyi və həyata keçirilməsi nəzərdə tutulan öhdəlikləri barədə çıxış etdi.