3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatıyev, Malayziya İnvestisiya İnkişafı Təşkilatının (MIDA) İstanbul üzrə direktoru Şahzul Cayaviravan bin Mohd Yunusu Palatada qəbul etmişdir.
Görüş zamanı tərəflər kimya sənayesi, halal ərzaq istehsalı, turizm, istehsalat və polad sənayesi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və inkişaf layihələri və digər iqtisadi mövzularda müzakirələr etmişlər.
Cənab Tatıyev Palatanın əsas fəaliyyət istiqamətləri, xarici investisiyaların təşviqi və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir. Cənab Yunus isə MIDA-nın regionda fəaliyyət prioritetləri, investisiya təşəbbüsləri və Malayziya şirkətlərinin müxtəlif sahələr üzrə beynəlxalq əməkdaşlıqda maraqlı olduqları istiqamətlər barədə məlumat təqdim etmişdir.
Görüş çərçivəsində tərəflər gələcək əməkdaşlıq perspektivlərini, qarşılıqlı səfərlərin təşkili, biznes forumların keçirilməsi və iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafı üçün potensial təşəbbüsləri müzakirə etmişlər.


